“Neftçi” PFK-nın bəyanatı

25 iyul 2023, 16:55

“Neftçi” PFK-nın 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futbolçusu Mateus Saldanya son günlərdə klub rəhbərliyinə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib.

Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib. Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, UEFA Avropa Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə onun nəzərinə çatdırıb. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınmış, 24.07.2023-cü il tarixində keçirilən məşqdə isə icazə almadan iştirak etməmişdi.

Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırmışdı. Bildirilmişdi ki, “Neftçi” PFK kimliyindən asılı olmayaraq maddiyatı hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib. Ürəyi “Neftçi” ilə olmayanın özü də “Neftçi”də olmamalıdır. Qayğısı yalnız maddiyat olan futbolçuya “Neftçi” kimi klubda yer yoxdur.

Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranmışdı. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur.

Azarkeşlərimizi əmin etmək istəyirik ki, UEFA Avropa Konfrans Liqasında keçiriləcək ilk oyunumuza bir neçə gün qalmış Mateus Saldanya adlı futbolçunun komandamızı çətin vəziyyətdə qoymasına baxmayaraq, klubun rəhbərliyi və məşqçilər korpusu vəziyyətdən ən məqbul çıxış yolunu tapacaqlar. Hazırda hücum xəttimizi gücləndirmək üçün ciddi transfer işləri aparılır.