Toplanışın ikinci mərhələsinə start verildi

29 iyun 2023, 21:21

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı oteldə məskunlaşan komandamız bu gün axşam məşqinə çıxıb. Fitnes zalında fiziki təmrinlər yerinə yetirildikdən sonra hazırlıq “Smena” stadionunun meydançasında davam etdirilib.

Qeyd edək ki, iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV Kuboku”nda iştirak edəcək flaqman turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüşümüz isə “Smena” stadionunda olacaq. Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.