“V Neftçili Yay Futbol Düşərgəsi”ndə 2-ci qrup başa çatdı

21 iyun 2023, 13:05

“Neftçi” PFK-nın, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “V Neftçili Yay Futbol Düşərgəsi”ndə 2-ci qrupa yekun vurulub.

“Neftçi Futbol Mərkəzi”ndə baş tutan əyləncəli səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub. Uşaqlara sertifikat və hədiyyələri “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül, koordinatoru Elşad Əhmədov, məşqçiləri – İlyas Qurbanov, Elşən Məmmədov, Vaqif Əliyev və Elnur İmamquliyev təqdim ediblər. “V Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrupa iyunun 22-də start veriləcək.

Qeyd edək ki, layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 100 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlara “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilir. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilir.