“Errea” “Neftçi” PFK-nın texniki sponsorudur

1 iyun 2023, 15:17

“Neftçi” Peşəkar Futbol Klubu ilə İtaliyanın məşhur brendi “Errea” idman malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb. “Bakcell Arena” stadionunun konfrans zalında baş tutan imzalanma məramisində tərəflər 2 illik müqavilə bağlayıblar. Müqaviləyə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və “Errea”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati imza atıblar.

Razılaşmaya əsasən, “Errea” “Neftçi” PFK-nın əsas, əvəzedici və akademiya komandalarını bütün geyim dəsti (oyun, məşq və digər) ilə təmin edəcək. Bu əməkdaşlığı fərqləndirən ən əsas məqam bu geyim dəstlərinin məxsusi olaraq “Neftçi” üçün dizayn edilib hazırlanmasıdır. Həmçinin tezliklə klubun “Bakcell Arena”dakı fan-şopunda bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq. Əvəzində isə əsas komandamızın ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Errea”nın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində şirkətin də loqosunun yer alacağı reklam xarakterli paylaşımlar ediləcək, həmçinin müqaviləyə uyğun digər marketinq xidmətləri də göstəriləcək.

“Errea” 1988-ci ildə hazırda prezident vəzifəsini yerinə yetirən Ancelo Qandolfi tərəfindən yaradılıb. Qərargahı İtaliyanın Parma şəhərində yerləşir. “Errea” tekstil geyimlərinin zərərli kimyəvi maddələrdən azad olmasını təmin edən “Oeko-tex” standart texnologiyasından istifadə edən ilk şirkətdir. UEFA-nın da partnyoru olan “Errea” futbolla yanaşı, digər idman növlərində də bir çox milli komanda və klublarla əməkdaşlıq edir.