Neft Daşlarında “Neftçi” PFK ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

10 oktyabr 2022, 15:45

Neftçilər Günü və “Neftçi” Peşəkar Futbol Klubunun 85 illiyi münasibətilə 2022-ci il oktyabrın 9-da “Neftçi” PFK ilə neftçilər arasında Neft Daşlarında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Görüşdə iştirak etmək üçün SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Neft Daşlarına səfər edib.

Öncə nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Neft Daşlarında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Sonra Ulu Öndərin adını daşıyan muzey ilə tanış olan nümayəndə heyətinə ümummilli liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar, habelə ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar haqqında ətraflı məlumat verilib. Qəri Counz muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.

Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş neftçilərin abidə kompleksini ziyarət edən nümayəndə heyəti şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edib, daha sonra “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya ilə tanış olub.

“Neftçi” PFK ilə neftçilər arasında keçirilən mini-futbol üzrə yoldaşlıq görüşündən əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Vətən uğrunda şücaət göstərərək canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Futbolçular topları, neftçilər dəbilqələri qarşılıqlı olaraq bir-birlərinə hədiyyə ediblər. Rövşən Nəcəf və Qəri Counzun da iştirak etdikləri futbol qarşılaşması maraqlı idman mübarizəsi şəraitində keçib. Oyun 5:5 hesablı bərabərliklə başa çatıb.

Sonda oyun müddətinə Neft Daşları komandasına baş məqçi olaraq təyin edilən, 42 il Neft Daşlarında çalışmış və təqaüd yaşına çatan təcrübəli neftçi Şirinağa Əlizadə “Azneft” İstehsalat Birliyi adından təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnaməni SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdim edib. Həmçinin “Neftçi” PFK adından Neft Daşlarına futbolçuların imzaladığı oyun forması xatirə olaraq hədiyyə edilib.