“Neftçi” PFK ilə PFL-in rəhbərliyi arasında görüş keçirilib

20 sentyabr 2022, 18:45

“Neftçi” PFK ilə Peşəkar Futbol Liqasının rəhbərliyi arasında görüş keçirilib. Klubun inzibati binasında təşkil olunan görüşdə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, idman direktoru Zaur Əzizov, əsas komandanın baş meneceri Qədir Həsənov, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.

Görüşə görə “Neftçi” PFK-nın rəhbərliyinə təşəkkür edən PFL-in prezidenti tanışlıqla yanaşı, əsas məqsədinin klubları narahat edən məqamlarla bağlı onlara dəstək vermək olduğunu bildirib. “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev isə öz növbəsində Elxan Səmədovu PFL prezidenti seçilməsi münasibətilə bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. Sonra Azərbaycan futbolunun hazırkı durumu və planlar barədə müzakirələr aparılıb.