“Çalışacağıq yaxşı oyun nümayiş etdirib növbəti mərhələyə adlamaq üçün addım ataq”

3 avqust 2022, 18:15

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 4-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və futbolçu Azər Salahlının iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Əvvəlcə baş məşqçi fikirlərini bildirib: “Sabah bizim üçün çox vacib oyun olacaq. Çalışacağıq yaxşı oyun nümayiş etdirib növbəti mərhələyə adlamaq üçün addım ataq. Qələbə qazanmağa cəhd edəcəyik. Bilirik ki, çətin olacaq, çünki rəqibimiz çox güclüdür. Bununla belə, mən öz komandama, stadionda olacaq atmosferə və futbolçularımın yaxşı oyun göstərəcəyinə inanıram”.

Sonra Azər Salahlı açıqlama verib: “Əlbəttə, komandada ab-hava çox yaxşıdır. Çünki biz yaxşı qələbə qazanmışıq. Amma o qələbə artıq geridə qalıb. Diqqətimiz maksimum sabahkı matça yönəlib”.

Ardınca Laurentsiu Regekampf suallara cavab verib: “Rapid” çox çətin rəqibdir, çox yaxşı mübarizə aparır. Bizim üçün asan oyun olmayacaq. Bununla belə, çox yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, futbolçular “Aris”lə oyunda göstərdikləri özünəinam və mübarizəni sabah da göstərə biləcəklər. Hamımız çox motivasiyalıyıq. “Aris”lə oyundakı səviyyəni qoruyub saxlamalıyıq. Eyni cür döyüşməli, mübarizə aparmalıyıq. Ümid edirəm ki, 90 dəqiqənin sonunda qələbə qazanmış olacağıq. Mert Çelikin çox oyunlarını görməmişəm. O, bizim düşərgəyə dünən qatılıb. Xoş gəlib. Onun səviyyəli futbolçu olduğunu bilirik. Eyni mövqedə oynayan futbolçularla rəqabət aparıb start heyətində öz yerini qazanmalıdır. Yeni futbolçulara adaptasiya olunması üçün ona bir az vaxt da lazımdır. Mertin bizə qoşulmasına çox sevinirəm, çünki həmin mövqedə daha bir futbolçuya ehtiyac var idi. Komanda olaraq bütövlüklə sabahkı matça konsentrasiya oluruq. Bizim səviyyəmizi artıra biləcək güclü oyunçu gətirməyə ehtiyac olsa, biz bunu edəcəyik. Büdcəmizə uyğun hər hansı rumıniyalı futbolçunu gətirmək istəsək, bunu edərik. Biz oyunçuları milliyətinə görə yox, ehtiyacımız olan mövqeyə uyğun təhlil edirik. Hərtərəfli olaraq bizə uyğun futbolçu olsa, milliyətindən asılı olmayaraq komandaya cəlb edərik”.