“Neftçi” PFK ilə “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsi bağlanıb
“Neftçi” Peşəkar Futbol Klubu ilə “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. “Bakcell Arena” stadionunun konfrans zalında baş tutan tədbirdə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, klubun vitse-prezidenti Elnur Eyvazov, Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev, “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak ediblər.
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek çıxış edəndən sonra tərəflər 3 illik müqaviləyə imza atıblar. Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.
Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Neftçi” PFK-nın sağlamlıq sponsoru olacaq, “Neftçi”, “Neftçi-2” və “Neftçi” Futbol Akademiyasının komandalarına ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və s. kimi xidmət göstərəcək, komandaların dərman pereparatları ehtiyaclarının qarşılanmasında dəstək verəcək. Əvəzində isə əsas komandamızın ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Liv Bona Dea Hospital”ın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və digər sosial media səhifələrində hospitalın da loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri də göstəriləcək.
“Liv Bona Dea Hospital” Azərbaycanın paytaxtı Bakıda yerləşir. Əlverişlilik “Liv Bona Dea Hospital”ın üstünlüklərindən biridir. Bununla belə, xəstəxananın ən böyük üstünlüyü investorların Xəzər regionunda güclü, yeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxananın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyir.
“Liv Bona Dea Hospital” JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyası ilə fəaliyyət göstərir. Bu qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. “Liv Bona Dea Hospital” xəstəxananın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açan beynəlxalq xəstəxanadır.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25