“Neftçi” – “Səbail” matçının biletləri satışda: “Qadına qarşı zorakılığa son!” kampaniyasına sən də qoşul!

26 noyabr 2021, 11:00

Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 27-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

“Neftçi” PFK BMT-nin Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edərək 25 noyabr – 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində noyabrın 27-də “Səbail” klubu ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq.

“Qadına qarşı zorakılığa son!” şüarı ilə kampaniyaya qatılan “Neftçi” keçirəcəyi oyun vasitəsilə özünün fanat və izləyici kütləsinə, xüsusən də kişilərə xitab edərək, onları gender-əsaslı zorakılıqla mübarizəyə qoşulmağa və beləliklə bu fenomenin aradan qaldırılmasına töhfə verməyə çağıracaq. Oyuna qatılacaq “Neftçi” fanatları isə qadınlara qarşı zorakılığı pisləyən və cəmiyyəti bununla mübarizəyə dəvət edən şüarlar yazılmış pankartlarla sevimli klublarının çağırışına dəstək olacaqlar.

Bizimlə birlikdə “Qadına qarşı zorakılığa son!” şuarı ilə bu kampaniyaya dəstək vermək istəyən hər kəsi noyabrın 27-də saat 18:15-də keçiriləcək “Neftçi” – “Səbail” oyununa dəvət edirik.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.