Samir Abasov: “Təəssüf ki, həmin epizodları qola çevirə bilmədik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Sumqayıt” klubu ilə 7-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Bu cür oyunların ssenarisi belə olur. Yaxaladığın qol epizodlarını vurursansa, rahatlıqla gedirsən, vura bilmirsənsə... Əsas odur ki, qol buraxandan sonra panikaya düşmədik, qol vurduq, daha bir-iki fürsətimiz də oldu. Təəssüf ki, həmin epizodları qola çevirə bilmədik. Keyfiyyəti artırmaq üçün çox işləmək lazımdır. Bununla belə, futbolçularımız əvvəldən sonadək istəkli idilər. Bu bizim üçün yaxşı siqnaldır. Doğrudan da pis oynamadıq. Bilirdik ki, Sumqayıt səfəri çətin olacaq, qapalı rəqibə qarşı oynayacağıq. Əgər bu gün Ömər sağ cinahdan hücum zamanı iki 100 faizlik epizod yaradırsa, deməli, nələrsə eləmişdik. Amma heyf ki, bunları qolla nəticələndirə bilmədik. Əks halda, qalib gələcəkdik. Meza Kolli də hücumameyllidir. Zənn edək ki, o, ikinci hücumçu kimi oynayırdı. Sonra Ramonu buraxdıq. Bu bizim üçün son oyun deyildi. Risk etmək istəmirdik. Hücumda oynayıb, müdafiəni də qorumaq istəyirdik. Çünki rəqibin əks-hücumları çox təhlükəlidir. Buraxdığımız qol da buna sübutdur. Biz, sadəcə, hücuma yeni qan qatmaq istədik ki, məncə də, pis alınmadı. Ramonun son dəqiqələrdə tirdən qayıdan topu qol olsaydı, möhür olardı. Bəli, biz “Neftçi”yə gələndən sonra Sumqayıt şəhərində “Neftçi” azarkeşləri çoxalıb. Sağ olsunlar. Biz də gələcəkdə onları sevindirərik. Azarkeşlərin tribunalara 100 faiz buraxılması haqda nəsə demək çətindir. Onların az sayda buraxılmaları ilə insanlar sağlam olacaqlarsa, təki belə də olsun”.