Samir Abasov: “İnanırıq ki, yeni transferlər çox xeyir verəcəklər”

19 sentyabr 2021, 23:55

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Keşlə” klubu ilə 4-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Hansısa məşqçiyə “bunu niyə oynatdınız, onu niyə dəyişdiniz” deyə, suallar verilmir. Niyə ancaq mənə belə suallar verilir? Meza Kolli ilk hissədə komandanın ən yaxşısı idi. İkinci hissədə oynamamasının səbəbi zədələnməsi, arxa əzələsini dartması ilə bağlıdır. Onun yoxluğu bizə çox pis təsir etdi. Yeni transferlər yaxşıdırlar, daha yaxşı olacaqlar. Tiaqo və Xorxe ilə müqayisədə Ramon daha da hazırdır. Futbolçuları oynadaraq formaya gətirməyi düşünürük. İnanırıq ki, çox xeyir verəcəklər. Futbolçular məşqlərdə rəqabəti hiss edirlər, bu çox yaxşıdır. Ramon Maçado və Tiaqo Bezerradan xoş siqnallar gəldi. Ümid edirəm ki, yaxşı olacaq. Azarkeşlərimizə səslənirəm, bir az səbrli olsunlar. Hər şey bir günün içində qurulmur. Allah bizə “Neftçi”də iş vaxtı versin, əmin olun ki, biz də qrupa düşəcəyik. Komandanı gətirib o səviyyəyə çıxaracağıq. Bir az vaxt lazımdır. Ən azı mən öz qarşıma bu məqsədi qoymuşam. Rəqib baş məşqçi Sənan Qurbanova səbr arzulayıram, ona inanıram. Bütün komandalar belə vəziyyətə düşə bilər, səbrli olsun, hər şey yaxşı olacaq. Romen Bask və Harramiz Suaresin övladları dünyaya gəlib. Buna görə onlara icazə vermişik. Ailə məsələləri idi deyə, icazə verməsəm, alınmazdı. Baskın ailəvi problemi daha çox idi. Ömər Buludov iki həftəlik karantindən təzə çıxıb. Xorxe Korrea isə yeni gəldiyi üçün fərdi məşq edib. Legionerlərin hamısını oynatmaq istərdim, amma əsas odur ki, sağlam olsunlar. Xeyr, avrokuboklar ərəfəsində gözlədiyim legionerlər bunlar deyil. Bu futbolçular mövsümün əvvəlində bizim üçün əlçatmaz idi. Ramon Maçado istisnadır, onun transferi ani alındı”.