Samir Abasov: “Bütün bacarığımızı ortaya qoymalıyıq”
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 19-u saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və futbolçu Mert Çelikin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb:
“Oyunun çətinliyindən, gərginliyindən danışmaq artıqdır. Avropada qalmaq üçün son şansımızdır. Əlimizdən gələni edib, bütün bacarığımızı ortaya qoymalıyıq. Yaxşı nəticə haqda düşünürük. Çox çətin rəqibdir. “Makkabi”yə hörmətlə yanaşırıq. Bunaqədərki rəqiblərimiz arasında “Makkabi” daha təhlükəli, daha çətindir. Bir neçə oyununa baxmışıq. Təhlükəli oyunçuları çoxdur. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Ancaq əsas odur ki, buna hazırıq. Əlimizdən gələni etməyə çalışacağıq”.
Sonra Mert Çelik danışıb: “Sabahkı oyunun nə qədər çətin olacağını bilirik. Amma biz də çox yaxşı hazırlaşmışıq. Əlimzidən gələni edəcəyik. Rəqibin kimliyi önəmli deyil. Meydana qələbə qazanmaq üçün çıxacağıq. İnşallah, İsrailə sərfəli nəticə ilə yollanarıq”.
Daha sonra müdafiəçi jurnalistlərin suallarını cavablandırıb: “Hər gün özümü inkişaf etdirməyə çalışıram. Hədəfimə doğru irəliləmək istəyirəm. Bu mövsüm baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan istifadə edib, həm özümü inkişaf etdirmək, həm də komandama faydalı olmaq istəyirəm”.
Sonda isə Samir Abasovun KİV nümayəndələrinin suallarına cavabı belə olub: “Heyətdə narahat olduğumuz məqamlar var. “Qəbələ” ilə matçdan sonar bəzi futbolçular səhhətilə bağlı problem yaşadılar. Buna görə plandan çıxmalı olduq. Bəzi oyunçular məşq etməliydilər, amma onlara istirahət verməli olduq. Yəni həkim nəzarəti altında müalicələrini davam etdirdilər. Meza Kollinin, Buqrinin sabah nə qədər hazır olacaqlarına görə qərar verəcəyik. Çox güman ki, meydanda olacaqlar. Xəstəlikdən sonra bütün gücləri ilə oynaya bilib-bilməyəcəklərini görəcəyik. Digərlərilə bağlı problemimiz yoxdur. Huqo Basto oynamağa hazır deyil. Koronavirusdan yeni sağalıb və komanda ilə məşqlərə qoşulub. Sıx qrafikdə oynayırıq. Buna görə fiziki vəziyyəti artırmaqla bağlı məşqlərimiz olmur. Buna görə Huqonun tezliklə formasını bərpa etməsi də çətindir. Sabah ola bilər ki, yanımızda olsun, amma çox güman ki, oynamayacaq”.