Samir Abasov: “Formaya düşdükcə, səhvlər aradan qalxacaq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK klubu ilə cavab matçından sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Məğlubiyyət və üzücü hesab ürəyimizcə olmadı. Bu, planlarımıza daxil deyildi. Birinci hissədən sonra ümidlənmişdik. Bu gün ilk hissədə evdəki matçın ilk hissəsindən daha yaxşı və daha kompakt oynadıq. Təəssüf ki, ikinci hissə başlayanda qapımızda qol gördük. Bu komandaya qol vurmaqda çətinlik çəkirdik. Hücum xəttində problemlərimiz var. Bu boşluğu doldurmaq istəyirdik. Qarşıda bizi çempionat və Konfrans Liqasının oyunları gözləyir. Hazırlaşacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Kimsə mənə zəmanət verə bilər ki, dördlü müdafiədə bu cür səhvlərə yol verməyəcəkdik? İlk qol mudafiəcidən çox, yarımmüdafiəçi mövqeyinin səhvi idi. Sistemdə səhv görmürəm. Bu sistemlə çempion olmuşuq, Gürcüstan təmsilçisini keçmişik. Çempionatın sonunda göstərdiyimiz oyunla indiki arasında fərqlilik var. Əminəm ki, formaya düşdükcə, səhvlər aradan qalxacaq. Ehtiyatda yetərincə futbolçu olmalıdır ki, oyunda dəyişiklik edə biləsən. Rəqib praqmatik futbol göstərir. Təhlükələrin haradan gələcəyini bilirdik. B planının olması üçün hücumu gücləndirməliyik. Bəzi futbolçularımızdan narazı qaldım. Bu da bizim üçün bir təcrübə oldu. HİK və “Makkabi” arasında fərq böyükdür. Biz hər şeyə hazır olmalıyıq. Mən demirəm ki, 3-4 futbolçuya görə uduzduq, biz komanda şəklində məğlub olmuşuq. Doğrudan da hücum xəttində problemlərimiz var. Bu cür matçlarda hamı özünü ortaya qoymalıdır. Kim hazır idisə, onlara şans verdim. Dünənə kimi bir heyəti düşünürdük, amma son məşqdən sonra heyəti dəyişdik. Düşünürəm ki, Meza Kolli səviyyəmizə uyğundur. Qacmayacaqsa, oynamayacaq. Bu, futbolçuların hamısına aiddir. Başa düşürük ki, Sezar tam hazır deyil, ona görə də onu əvəzləyirik. İnanıram ki, o, bizə çox fayda verəcək”.