Samir Abasov: “AL-də qalmaq üçün əlimizdən gələni etməliyik”
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb:
“Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Finlandiya çempionat davam etdiyi üçün Tbilisi “Dinamo”su kimi, HİK-in də futbolçularının fiziki vəziyyəti çox yaxşıdır. Ölkəsinin çempionudur və təhlükəli rəqibdir. Finlandiya futbolu irəli doğru addımlayır. Millilərinin AVRO-2020-dəki çıxışı bunu deməyə əsas verir. Rəqibin bəzi üstünlükləri var. Bəlkə də bizdən daha hazırlıqlıdır. Ən azı əlimizdən gələni etməliyik ki, bu turnirdə qalaq. HİK-in xeyli oyununa baxmışam. Məsələn, srağagün çempionat matçına çıxdılar. Kifayət qədər zəngin heyətə malikdir. “Malmö”yə bir oyunda uduzmalarına və bir heç-heçə etmələrinə baxmayaraq, xoşagələn, hərəkətli oyun göstərirlər. Bizim də əhvalımız pis deyil. “Olimpiakos”a uduzsaq da, motivasiyamız qaydasındadır. Bəzi məqamlar bizi üzdü. Ancaq əhval-ruhiyyəmizi düzəldə bilmişik. Bilirik ki, getdikcə oyunlar çətinləşir”.
Sonra Emin Mahmudov danışıb: “HİK fiziki cəhətdən çox hazırlıqlı komandadır. Bununla belə, nəzərə alaq ki, öz meydanımızda oynayacağıq. Baş məşqçinin tapşırıqlarını sabah yerinə yetirməyə və qələbə qazanmağa çalışacağıq”.
Daha sonra Samir Abasov KİV nümayəndələrinin suallarına cavab verib: “Gəlin, “Olimpiakos”la oyundan əvvəlki proqnozlara baxaq. Biz bunların əksini göstərdik. Səfərdə yaxşı çıxış etdik, evdə də pis oynamadıq. Bəxtimiz gətirsəydi, keçə də bilərdik. Uşaqların əziyyətinə heyfsiləndik. O cür rəqibə uduzmağa üzülməyimiz yaxşı oynamağımızla bağlı idi. Mən özüm qələbə qazanmaq, mərhələ adlamaq istəyirdim. Həmin görüşün atmosferində qalmaq bizə mənfi təsir göstərə bilər. Komandada ab-hava çox yaxşıdır. Böyük vədlər vermək istəmirəm. Rəqib fiziki durumda bizdən yaxşı ola bilər, amma buna fikir vermirik. Oyunumuzu ortaya qoya bilsək, “Olimpiakos”a qarşı görüşdəki səviyyəni yaxşılaşdırsaq, uğurlu nəticə qazana bilərik. Püşkü atanlar deyir ki, “Neftçi”, sən heç yerə getmə, Avropa Liqasında qal. Bizim üçün əsas HİK-i keçməkdir. Ən azı “Makkabi”ni düşünmürük. Hər iki turnirdə ən arzuolunmaz rəqiblə düşdük. Əvvəlcə HİK-i keçək ki, sonrakı rəqib barədə düşünək. HİK-lə “Olimpiakos”u müqayisə etmişik. HİK-in indiki vəziyyəti bizim üçün daha təhlükəlidir. “Olimpiakos”da həddən artıq keyfiyyətli oyunçular var. Onlar bəzən sənə boşluqlar verirlər. HİK-in son 6-7 matçına baxmışıq. Çox yaxşı kollektiv oyun sərgiləyirlər. Nə hücumda, nə də müdafiədə boşluq verirlər. Məşqçi deyirsə ki, hücumda 4-5 nəfər olmalıdır, onlar mütləq orada olacaqlar. Bizə çətinlik törədəcək məqamlardır. Hansısa oyunçunun üstündə durmayacağıq. Dünən futbolçulara da dedim. Bizə qarşı qapanan komandalara qarşı çətinliklər çəkmişik. Çalışacağıq sabah yaxşı nəticə qazanaq. Keçən matçda meydana sonradan daxil olanlar bizi sevindirdi. Bacardıqlarını ortaya qoydular. Keyfiyyət baxımından kimlərisə razı salmaya bilərlər, amma istəkləri ürəyimcə oldu. Çempionatda da bu uşaqlara güvənəcəyik. Bəli, məşqi “Bakcell Arena”ya salmamağımızın səbəbi stadionu qorumaq idi. HİK burada məşq edəcək deyə, stadionu yükləmək istəmədik. Transfer barədə danışmaq istəmirəm. Sabah sağ cinahda Ömərə də şans verə bilərəm, Fəhminə də. Mirabdullanın da durumu bizim üçün önəmlidir. O hazır olsa, Harramizi cinaha çəkə bilərik. Ümid edirəm ki, bugünkü məşqdə problem yaşamarıq. İtirəcəyimiz oyunçuları yox, qazanacağımız oyunu düşünək”.