HİK-lə oyundan əvvəl mətbuat konfransı və açıq məşq

30 iyul 2021, 12:55

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – HİK oyunundan əvvəl komandamızın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 2-si saat 18:00-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

“Bakcell Arena”da həmin gün saat 20:30-da rəqib komandanın mətbuat konfransı, 21:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 2-si saat 12:00-dan etibarən “Bakcell Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.