“Neftçi” – “Dinamo” matçının biletləri sabah satışda

12 iyul 2021, 18:35

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun biletləri sabah saat 11:00-da satışa çıxarılacaq. Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.

“Neftçi” PFK olaraq qeyd etmək istəyirik ki, bu oyunun biletlərinin satışından əldə olunacaq vəsait Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fondunun hesabına köçürüləcək.

Xatırladaq ki, iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 21:00-da başlanacaq.