III “Neftçili Yay” Futbol Düşərgəsi başa çatdı

29 iyun 2021, 14:35

“Neftçi” PFK, “ASAN Könüllüləri” Təşkilatı, “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları arasında keçirilən III “Neftçili Yay” Futbol Düşərgəsinə yekun vurulub.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan səhər proqramından sonra 4-cü qrupun mükafatlandırma mərasimi təşkil olunub. Uşaqlara sertifikat və hədiyyələri “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, “YAŞAT” Fondunun direktor müavini Rəbiyyə Cəfərova, “YAŞAT” Fondunun əməkdaşı, Qarabağ qazisi Nəbi Şükürov, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov və “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov təqdim ediblər.

Qeyd edək ki, III “Neftçili Yay” Futbol Düşərgəsinə iyunun 14-də start verilmişdi. Pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxil idi. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilib, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilib. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilib.