Samir Abasov: “Səhvlərimizi tezliklə aradan götürməliyik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turunun “Sumqayıt” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
“Məğlub olandan sonra fikir bildirmək çətindir, amma yenə də danışmalı və düzünü deməliyik. Futbolçuların günahı yoxdur. Rəqibi təbrik edirik, fürsətlərdən istifadə etdilər. Oyuna kimi olan proseslərdən danışmaq istəyirəm. Rəqibdən asılı olmayaraq bugünkü matç bizi qorxudurdu. Çünki hər dəfə uzunmüddətli fasilədən sonra oyunumuz alınmır. Buna görə də belə məğlubiyyət məşqçi heyətinin günahıdır. Futbolçuları yetərincə kökləyə, hazırlaşdıra bilmədik. Heç nə bitməyib, vəziyyəti düzəltməyə çalışacağıq. Düzdür, bu bizə zərbədir. Təəssüf ki, bununla üzləşdik. Futbolçularda motivasiya, istək var idi, amma intizamdan qopmaları bizi üzdü. Əsas odur ki, səhvlərimizi bildik və bunları tezliklə aradan götürməliyik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Rəqib komandanın baş məşqçisi ilə aramızda inciklik yoxdur. Sadəcə, mübahisə olmasın deyə, tez meydana girdim ki, uşaqları sakitləşdirim. Ayxan müəllimlə münasibətlər qaydasındadır. Fərdi olaraq hansısa oyunçudan danışmaq istəmirəm, üzücü olan komandanın oyunu idi. Bu gün rəqib “Sumqayıt” yox, hansı komanda olsaydı, uduzacaqdıq. Özümüzə qarşı oynadıq və bərbad alındı. “Neftçi” olaraq qələbə qazanmağa məhkumuq. Etiraf edirik ki, oyunumuz əla deyil. 20 günlük fasiləni düzgün dəyərləndirə bilmədik, həddindən artıq boşaldıq”.