Samir Abasov: “Qələbə qazanmağımızın əsas səbəbi xarakter idi”

13 fevral 2021, 21:30

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 15-ci turunun “Qarabağ” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Qələbənin əsas səbəbinin oyun yox, xarakter olduğunu deyən mütəxəssis futbolçulara təşəkkürünü bildirib:

“Futbolçulara paltardəyişmə otağında dedim ki, sevinmək üçün iki gün vaxtımız var. Sonra növbəti oyuna tam olaraq köklənməliyik. “Qarabağ”ı gördüyü işə görə təbrik edirəm. Bu komandaya qarşı oynamaq mənə həmişə motivasiya verib. Komandamızın üzvləri bu gün əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. Bəzən belə olur, yəni rəqib əvvəlcədən qurduğumuz planı dəyişir. Bununla belə, bunun öhdəsindən gəldik. Bu gün qələbə qazanmağımızın əsas səbəbi bəlkə də oyun yox, xarakter idi. Artıq növbəti matça hazırlaşacağıq”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Əlbəttə, çempionluq uğrunda mübarizədə əsas rəqibi məğlub etmək həvəsləndirir, amma real danışsaq, digər komandalarla oyunlarda xal itirməyimiz də mümkündür. “Zirə” ilə kubok mübarizəsindəki cavab matçından sonra komandamız haqda “super” deməyim başqa cür yozuldu. Halbuki futbolçuları növbəti matçdan əvvəl həvəsləndirmək üçün bu sözləri demək məcburiyyətindəydim. Düşünürəm ki, düz yoldayıq. Güclənməli və ətrafımızdakıların etibarını qazanmalıyıq. Sonradan meydana daxil olan Saman Nərimancahanı məcburiyyətdən əvəzlədik. Çünki Stankoviç qırmızı vərəqə alandan sonra sağ cinah müdafiəçisi kimi Fəhmini meydana buraxmalı olduq. Yeni transferimizə gəlincə, 3-4 hücumçu üzərində dayanmışdıq, amma klublarına görə bu iş alınmadı. Ahmed Ahmedovun icarəyə götürülmə variantı son anda ortaya çıxdı və hücum xəttindəki boşluğu aradan qaldırmaq üçün bu addımı atdıq. Ümid edirəm, tezliklə gəlib özünü yaxşı tərəfdən göstərəcək”.