Samir Abasov: “Bu oyunu unudub çempionata köklənməliyik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Zirə” klubu ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Mütəxəssis komandamızın mərhələni keçə bilmədiyinə üzüldüyünü bildirib:
“Üzüldüyüm, sadəcə, mərhələ keçə bilməməyimizdir. İki oyun ərzində qapımıza cəmi bir zərbə olub, onda da qol buraxmışıq. Bu da futbol bəxtidir. İlk matçla müqayisədə bu gün daha yaxşı, hərəkətli oynadıq. 8 müdafiəçi ilə oynayan komandanın arxa xəttini yarmaq asan deyil. Bununla belə, qol epizodlarımız oldu, amma təəssüf ki, yararlana bilmədik. Zərrə qədər də heyfsilənmirik. Başa düşürəm ki, bura “Neftçi”dir və mərhələni keçə bilməmişik. Bu gün meydanda super “Neftçi” var idi. Uğurlarımız gələcək. Bəzi məqamlar var ki, onları dəyişməliyik, bunun üçün də yayı gözləməliyik. Daha da güclənməliyik. Bu gün Monroz tam hazır deyildi, amma ondan çox razı qaldım. Hücum xəttində bir-iki futbolçu da olandan sonra daha yaxşı oynayacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Təklif olunan hücumçular var, lakin onlar mənim oyun tərzimə uyğun deyil. Bəzi epizodlarda ümumi olaraq komanda hücumda iştirak etməlidir, amma elə məqamlar var ki, hücumçu oyunu öz üzərinə götürməlidir. Biz demirik ki, Mirabdulla pisdir, xeyr, amma tək onunla da alınmır. Səlahətə gəlincə, həvəsdən düşməsin, ona inanıram və məsuliyyəti öz üzərimə götürürəm. Laval bu gün gəlib, fiziki hazırlıq keçməsi üçün ona proqram göndərirdik, amma formaya düşməsi üçün zamana ehtiyac var. Psixoloji durumumuzu düzəltməliyik. Bu oyunu unudub, çempionata köklənməliyik. Biz düz yoldayıq, sadəcə, bir az vaxt lazımdır. “Qarabağ”ı yaxşı tanıyırıq, bizə çətin olacaq, amma yavaş-yavaş gördüyümüz işin bəhrəsini görəcəyik”.