“Neftçi-2” heç-heçə ilə başladı

15 yanvar 2021, 15:00

“Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Baş məşqçi Mahmud Qurbanovun yetirmələri “Keşlə-2” ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan və “Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda heç-heçə qeydə alınıb – 1:1. Hesabı 39-cu dəqiqədə hücumçumuz Nicat Musayev açıb. Bundan 5 dəqiqə sonra təhlükəni sovuşdurmaq istəyən Nihad Qurbanlı avtoqola imza atıb.

Qeyd edək ki, yanvarın 11-dən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışında olan “Neftçi-2” növbəti sınaq matçını “Sumqayıt-2”yə qarşı keçirəcək. Yanvarın 22-si “Kapital Bank Arena”da baş tutacaq oyun saat 14:00-da start götürəcək.