Samir Abasov: “Qış fasiləsinə lider kimi yollanmaq istəyirik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 12-ci turunun “Sabah” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Bu qələbədən sonra komandanın liderliyə yüksəldiyinə görə sevincini gizlətməyən mütəxəssis futbolçulara minnətdarlığını bildirib:
“Məqsədimiz bu heyətlə ağıllı oynamaq, maksimum az qaçıb, rəqibi çox qaçırtmaq idi. Rəqibi analiz etməmişdik. Çünki təkcə oyunumuzla yox, bədənimizlə, xarakterimizlə, ruhumuzla mübarizə aparmaq məcburiyyətindəydik. Düşünürəm ki, get-gedə daha yaxşı oynayırıq. Düzdür, bəzən lazımsız yerə top itirirdik ki, nəticədə fiziki olaraq bunun əziyyətini çəkirdik. Əvvəlki oyunlarla müqayisədə bu gün çox qol epizodu yaratdıq və 2:0 hesabı ilə qalib gəldik. Çətin vəziyyətdəyik. Özüm də daxil olmaqla pandemiyadan yenicə sağalmış futboçularla birlikdə çox əziyyət çəkirik. Məsələn, pandemiyadan sağalan Fəhmin Muradbəyli çıxdığı ilk məşqdə pis vəziyyətə düşdü. Bu gün bütün futbolçularımız öz ağıllarını, oyun keyfiyyətlərini ortaya qoymağı bacardılar. Buna görə onlara çox minnətdaram”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Hücumda problemimizin olduğunu hesab etmirəm. Komandadakı problemləri görürük və yavaş-yavaş aradan qaldırmağa çalışırıq. Məsələ təkcə hücumçu ilə bağlı deyil, komanda üzvlərinin hücum zamanı hərəkəti ilə bağlıdır. Bu gün bunun yaxşı tərəfləri çox idi. Hücumda xeyli sayda futbolçumuz iştirak edirdi. Sırf hücumçu mövqeyinə gəlincə, rəhbərliklə transfer haqda danışmamışıq. Ümumiyyətlə, bu haqda düşünməmişəm. Heç bir mövqeyə yeni oyunçu istəmirik. Hazırkı futbolçular məni razı salır. Digər rəqiblərin xal itirməsindən xəbərdar idik. Liderliyə yüksəldiyimizə görə paltardəyişmə otağında çox sevindik. Növbəti matçda qalib gəlib qış fasiləsinə lider kimi yollanmaq istəyirik. Yusuf Lavalın zədəsi ilk baxışdan ciddi görünür, amma ümid edirik ki, həkim müayinəsindən sonra ciddi olmadığı üzə çıxacaq. Fiziki hazırlıq üzrə məşqçinin göndərilməsinə gəlincə, deməzdim ki, məni qane etmirdi, sadəcə, fikirlərimiz uyğun gəlmirdi. Mario Kastelyanonun özü ilə də danışdım, insanlığına, peşəkarlığına görə təşəkkür etdim”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00