Füzuli Məmmədov: "İrəlidə daha yaxşı "Neftçi" görəcəksiz"

21 avqust 2020, 23:00

"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 1-ci turunun "Səbail” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, futbolçuların oyundan oyuna optimal formaya yaxınlaşacaqlarına əmin olduğunu bildirib:

"Uzun fasilədən sonra futbola qayıtdıq. Bu bizi sevindirir. Bilirik ki, ilk oyunlar həmişə çətin olur. Əsas çətinlik də ondan ibarətdir ki, komandalar uzun müddət rəsmi oyunlar keçirmir. Amma futbolçular meydanda əzmkarlıq göstərdilər, qələbə üçün çox çalışdılar. Bütün komanda üzvlərini bu qələbə münasibətilə təbrik edirəm. Yaxşı, gənc komandaya qarşı oynayırdıq. Məşqçinin işi görünürdü. Rəqibi yaxşı oyuna görə təbrik edirəm”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Əminəm ki, futbolçularımız oyundan oyuna istədiyimiz optimal formaya yaxınlaşacaqlar. Bəzi epizodlarla istədiyimizi əldə edirdik, bəzilərində səhvlər olurdu. Bu normaldır. İrəlidə daha yaxşı "Neftçi” görəcəksiz. Hücumçu transferinə gəlincə, iki variantdan biri alınmaq üzrədir. Demək olar, bütün detallar bitib. Düşünürəm ki, növbəti həftə yeni hücumçu bizimlə olacaq. Ot örtüyünün yaxşı vəziyyətdə olmaması ilə bağlı rəhbərliyə fikirlərimizi bildirdik. "Bakcell Arena”dakı ot örtüyü hər zaman yüksək səviyyədə olub. Bu problem gələn həftə aradan qaldırılacaq”.