Füzuli Məmmədov: “Qələbə qazanmaq həmişə xoşdur”
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 7-ci turunun “Keşlə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, qələbəni əsgərlərimizə və şəhidlərimizə həsr etdiyini bildirib:
“Çətin olacağını bilirdik. “Keşlə”ni yaxşı analiz etmişdik. Xüsusi plan qurmuşduq. Futbolçular da bu planı mən istədiyim səviyyədə meydanda yerinə yetirdilər. Göstərdikləri əzmkarlığa görə hər birinə təşəkkür edirəm. Bu arada futbolçuları oyuna kökləmək çətin olur. Çünki hər birinin ürəyi cəbhədədir. Bu gün bütün fikirlərini oyuna yönəltmələri çox xoş oldu. Qələbə qazanmaq həmişə xoşdur. Qələbəni cəbhədə vuruşan əsgərlərimizə, şəhidlərimizə həsr edirik. Hərbçilərimizin mərdliyi bizi daha da ruhlandırır. Belə ordusu, vətəndaşları, şəhidləri olan dövlətin vətəndaşı olduğumuz üçün fəxr edirik”.
Baş məşqçinin jurnalistlərin suallarına cavabı belə olub: “Komandamız yaxşı oynadı, amma bundan da yaxşı oynaya bilər. Çünki futbolçularımın potensialını bilirəm. Bəziləri tam keyfiyyətini ortaya qoya bilmədi ki, bunda meydan amilinin də rolu var. Bununla belə, istədiyim əzmkarlığı göstərə bildilər. Hər qələbə futbolçuda özünəinamı artırır və komanda daha yaxşı oynamağa başlayır. Sabir Buqrinin səviyyəli futbolçu olduğunu bilirəm, amma ötən oyunla müqayisədə bu gün tam istədiyimizi göstərə bilmədi. Həm də bir az yorğunluğu var idi. Buna görə də onu Saman Nərimancahanla əvəzləmək məcburiyyətində qaldıq. Saman da keyfiyyətli və təcrübəli futbolçudur. Mertə gəlincə, o, çox ağıllı futbolçudur. Düşünürəm ki, oyundan oyuna heyətdəki yerini möhkəmlədəcək. Onu limit səbəbindən deyil, layiq olduğu üçün meydana buraxırıq”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00