Füzuli Məmmədov: “Məğlubiyyət xoş deyil”
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 2-ci turunun “Sumqayıt” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, qarşıdan gələn Avroliqa oyununadək səhvlərin aradan qaldırılmasına çalışacaqlarını deyib:
“Komandamız bu gün istədiyimiz səviyyədə oyun göstərə bilmədi. Çox zəif oynadıq. Rəqib bizdən daha istəkli idi. İstədiyimiz istəyi futbolçularda görə bilmədim. Çox pis oynadıq. Heç belə oynamamışdıq. Oyuna baxıb, analiz edəcəyik. Səhvləri aradan qaldırmağa çalışacağıq. Qarşıda Avroliqa oyunumuz var. Gərək bu matça kimi bütün səhvləri, çatışmazlıqları aradan qaldıraq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Anton Krivotsyukun heç bir problemi yoxdur, sadəcə, çox səhvlər edir. Futbolçular daha çox qaçmalıdırlar. Daha çox əziyyət çəkən, istəkli olan qalib gələcək. Yalnız keyfiyyət sayəsində qələbə qazanmaq çox çətindir. Məğlubiyyət xoş deyil. Meydana qələbə üçün çıxmışdıq. Bütün tapşırıqlar bunun üçün verilmişdi. Sadəcə, bu qədər səhvlər qollara səbəb olmalıydı. Namik Ələskərov bu gün hücumda əvvəlki kimi kəsərli olmadı və məcbur qalıb onu əvəzlədik. Düzdür, Monroz meydana çıxandan sonra hücumlarımızın kəsəri artdı, amma yenə də istədiyimiz nəticəni əldə edə bilmədik. “Qalatasaray”la matçı Bakı Olimpiya Stadionuna keçirməyimizin səbəbi “Bakcell Arena”da ot örtüyünün istədiyimiz səviyyədə olmaması, oradakı örtüyün daha yaxşı olmasıdır. Başqa səbəblər də var. Bu gün taktiki planda geri qalmırdıq. Xüsusi planımız var idi, futbolçular onları yerinə yetirməyə çalışırdılar, amma komanda şəklində bunu edə bilmirdilər. Mirabdulla əvvəlki oyunlara nisbətən bu gün pis təsir bağışlamadı. Onun əzmkarlığı məni sevindirir. Onda əvvəl bu əzmkarlığı görmürdüm. Qarşıdakı matçlarda da belə davam eləsə, əsas heyət oyunçusu ola bilər. Mbodjla paltardəyişmə otağında danışdıq, səhvlərini başa düşdü. Heç bir futbolçu baş məşqçinin qərarına etiraz etməməlidir. Onu başa düşürəm, hesabda geri idik, əsəbi idi. Onu cərimələməyə ehtiyac yoxdur. Düşünürəm ki, bir daha belə hal olmaz. Mbodj üç gün əvvəl məşq etmirdi, əzələsində problem var idi. Onu meydana buraxmağa ehtiyatlanırdım, amma iki gün məşq edəndən sonra hazır olduğunu dedi. Bununla belə, bəzi epizodlarda çatdırmırdı. Əvəzlədik ki, daha hazır olan Stankoviç oynasın. “Qalatasaray”la oyunadək vaxtımız var, hazırlaşacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Qalatasaray”a da uduzsaq, komandada qalacağammı” sualına cavab olaraq deyim ki, bu bizim ilk məğlubiyyətimizdir. Biz məşqçilərin işi səhvlər üzərində işləməkdir. Hər şey rəhbərimizdən asılıdır, nə qərar versə, hazıram”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00