Qurban Qurbanov

  • Oynadığı dönəm:

    1996-1998, 2001-2002, 2003-2005

  • Doğum tarixi:

    13.04.1972

  • Mövqeyi:

    Mərkəz hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

«Neftçi»nin müstəqillik dövründəki tarixində mühüm yer tutan futbolçuların sayı o qədər də çox deyil. Amma bu siyahıda Qurban Qurbanovun adı ilklər sırasındadır. Ümumiyyətlə, Qurbanov qardaşlarından Musa futbol aləmində özünü daha tez tanıdıb ki, bu da onun Qurbandan yaşca böyük olması ilə bağlıdır. Hərbi xidmətdən qayıdandan sonra 21 yaşında ilk dəfə peşəkar səviyyədə futbola başlayan Musa 1989-cu ildə «Neftçi»nin formasını geyinmək şərəfinə nail oldu. Komandamızın çətin günlərini yaşadığı həmin illərdə Bakıda çox qalmayan böyük Qurbanov buraya bir də qardaşı ilə birlikdə döndü. Onda hələ heç kimin ağlına gəlməzdi ki, Musanın 18 yaşı olmasına baxmayaraq, futbolçu kimi heç kimin tanımadığı qardaşı bir neçə ildən sonra Azərbaycan futbolunda «at oynadacaq». Qardaşların duelini ilk dəfə Milli çempionatda doğma «Daşqın»ın heyətində izləyən mütəxəssislər yeni hücumçunun «ayaq səsləri»ni hiss edirdi. 1993-cü ildə Zaqatala təmsilçisinin çıxışlarını qalmaqallı şəkildə dayandırmasından sonra onları əldə etmək üçün bütün iddialı komandalar «qollarını çirmələdilər». Amma Qurbanovlar «Turan»a qismət oldu və tovuzluları peşman etmədi. Həmin il «Turan» tarixində ilk və yeganə çempionluğunu qazandı. Bu, Qurban və Musa üçün də ilk qələbə idi, amma son deyildi. Qardaşların, xüsusilə də Qurbanın zəfərləri hələ qarşıdaydı.

1996-cı ildə Azərbaycan səviyyəsində super heyətə malik komandada Samir Ələkbərovun duet təşkil edə biləcəyi hücumçuya ehtiyac vardı. Məhz bu vaxt Qurban qardaşı ilə birlikdə arzularının komandasına – «Neftçi»yə dəvət aldı. Bu seçimdən həm baş məşqçi Kazbek Tuayev, həm də Qurban Qurbanov qazandılar:  hər ikisi karyeralarında ikinci çempionluğu, Qurban isə həm də 29 oyunda 34 qol vurmaqla ölkə çempionatının bombardiliyini. Artıq kiçik Qurbanov haqda qonşu Rusiyada da eşitmişdilər və o, gələn təklifləri qiymətləndirərək ora üz tutdu.

2001/02 mövsümündə «Neftçi»də yenidən Qurbanova ehtiyac duydular. Amma futbolumuzda baş verən qalmaqallardan bezən gələcək kapitan yenidən Rusiyada çıxış etməyə üstünlük verdi. Bununla belə, bu ikilinin ayrılığı əvvəlki kimi uzun sürmədi. Cəmi bir il sonra yenidən, artıq doğma saydığı «Neftçi»nin kapitanlıq sarğısını daşıyırdı. Komandanın bu dəfə onun təcrübəsinə daha çox ehtiyacı vardı. «Qarabağ-Azərsun»la çempionluq uğrunda çətin mübarizə gedir, ağdamlılar flaqmanı qabaqlayırdı. Fasilədən sonrakı ilk matç isə məhz bu iki rəqib arasındaydı. Mütəxəssislər həmişə bildirirlər ki, məhz həlledici oyunlarda lider oyunçular öz keyfiyyətlərini nümayiş etdirirlər. Qurban da elə «Qarabağ-Azərsun»la çempionluğun taleyini həll edən matçda Bakıya boşuna dönmədiyini sübuta yetirdi. O əvvəlcə Zaur Tağızadənin ötürməsini, sonra isə cərimə meydançasında özünə qarşı edilən kobudluğa görə təyin olunan penaltini qapıya göndərdi. Elə üçüncü qolu da Eltay Aslanov məhz Qurbanın ötürməsindən sonra vurdu.

Daim meydanda fəallığı ilə seçilən Qurbanda bu keyfiyyətləri qardaşı Musa, daha doğrusu, onun keçdiyi ağır məşqlər formalaşdırıb. Hələ Qurban orta məktəbdə oxuyarkən futbolçu karyerasına başlayan Musa doğma Aşağı Taladakı evə gələndə kiçik qardaşın «qara» günləri başlayırdı. Həmin müddətdə Qurban, demək olar ki, yatanda evə gəlib çıxa bilirdi. Bütün gün isə stadionda ağır məşqlərə sərf olunurdu. Ailədə əməyə olan sevgi Qurbana da bu xasiyyəti aşılamışdı deyə, Musa olmayanda da boş oturmur, hər gün məşqlərin intensivliyini artırırdı. Elə meydanda da yorulmazlığı, qorxmazlığı və cəsarəti ilə liderə çevrilirdi. 2003/04 mövsümündə OMİK-lə oyunda onun aldığı zədə məhz həmin qorxmazlığın və cəsarətin nəticəsi idi. Başqası olsaydı, bəlkə də o topa girişməzdi, amma Qurban mübarizədən qalib ayrılmağa azca şansı olanda belə, bundan maksimum yararlanmağa çalışır. Buna görə də qapıçı ilə mübarizəyə girişdi və toqquşma nəticəsində aldığı zədədən sonra yaxşı ki, futbolçuların yardımı ilə dilinin içəri qatlanmasından qurtuldu.

Komanda üçün həyatını təhlükəyə atmağa belə hazır olan Qurban «Neftçi»nin son iki çempionluğunda böyük pay sahibi oldu. Təəssüf ki, o, məşqçi kimi debütünü çempionluqla qeyd edə bilmədi, amma buna çox yaxın idi...