Əli Rəhmanov

  • Oynadığı dönəm:

    1967-1970, 1973-1979

  • Doğum tarixi:

    30.05.1947

  • Mövqeyi:

    Sağ cinah yarımmüdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

1960-cı illərdə komandamızın uğurlu çıxış etməsi bir çox gənclərin futbola gəlişinə təkan verir. Sonralar «Neftçi»nin liderinə çevrilib, 6 il kapitan sarğısı daşıyan Əli Rəhmanov da həmin vaxt – 1965-ci ildə ən populyar idman növü ilə məşğul olmağa başlayır. 18 yaşlı Ələkbərin (yəqin ki, çox az adam onun əsl adının belə olduğunu bilir) təcrübə toplaması üçün onu ustaların yanına cəlb edirlər. Beləcə yetişib, püxtələşən Rəhmanov sonralar həmin günləri belə xatırlayır: «Xoşbəxtliyim onda olub ki, yaxşı məşqçilərin əlinin altında böyümüşəm. Yaşar Babayev, Kazbek Tuayev, Valeri Hacıyev, Anatoli Banişevski, Vladimir Bruxti kimi futbolçulardan çox şey öyrənmişəm».

                                                

Məşqçilər Əli Rəhmanovu 1968-ci ildə komandamızın əsas heyətinə qoşurlar. Tezliklə «Neftçi»nin aparıcı oyunçularından birinə çevrilən yarımmüdafiəçinin istedadlı olması barədə məlumat Respublikamızdan kənara da gedib çıxır. Donetskin «Şaxtyor» klubu onu öz heyətində görmək istəsə də, futbolçu Bakıdan ayrıla bilmir. Çünki o, bu şəhərdə böyüyüb, özünü burada təsdiqləmişdi.

Yarımmüdafiəçinin ilyarım futboldan ayrı düşməsi ilə komandamızın güclülər dəstəsini tərk etməsi eyni vaxta təsadüf edir. Bəzən talelərinin oxşarlığına görə Əli Rəhmanovu Sovet futbolunun ən parlaq simalarından olmuş Eduard Streltsovla müqayisə edirlər. O da Moskva «Torpedo»sunun forvardı kimi karyerasının ən yaxşı vaxtlarında dəmir barmaqlıqlar arxasına düşüb. Bəlkə də indiki nəsil Rəhmanovun nəyə görə həbs edildiyini eşidəndə təəccüblənəcək. Bəli, həmin vaxtlar valyuta saxlamaq ağır cinayətlərdən sayılırdı. Komandamızın futbolçusu 7 ay DTK-da (Dövlət Təklükəsizlik Komitəsi), 14 ay isə ciddi rejimli həbsxanada min cür əzab-əziyyət çəkir. Amma bu da Əlini sındırmır. O, dəmir barmaqlıqlar arxasından çıxanddan sonra yenidən «Neftçi»nin sıralarına dönərək, parlaq oyunu ilə azarkeşlərimizi sevindirməyə özündə güc tapır. Meydandakı kimi həyatda da əzmkarlığı və döyüşkənliyi ilə lider olan Rəhmanov aldığı zərbədən özünü itirmir. O dövr üçün nə qədər təəccüblü olsa da, Əli həbsxanadan çıxıb komandamıza dönəndən sonra kapitanlığı ona həvalə edirlər. Halbuki Sovet İttifaqı vaxtı Mərkəzi Komitə, DTK bu cür məsələlərə ciddi yanaşırdı. Görünür, həmin təşkilatların rəhbərləri də başa düşüblər ki, Əlinin elə bir günahı yoxdur. Əfsanəvi Konstantin Beskov yarımmüdafiəçini həbsxanaya düşməzdən əvvəl SSRİ Olimpiya yığmasına cəlb etmək istəyirdi. Moskvadan komandamızın ünvanına teleqram gələndə, Rəhmanov artıq DTK zirzəmilərində əziyyət çəkirdi.

                                              

«Neftçi»nin yenidən güclülər dəstəsinə yüksəlməsində onun böyük rolu olur. Ümumiyyətlə, həmin vaxt heyətdə əla kollektiv formalaşmışdı. Rəhmanov təkcə xarakterinə görə yox, oyun keyfiyyətlərinə görə də əsl lider idi. Bütün standart vəziyyətləri - cərimə və künc zərbələrini o yerinə yetirirdi. «Neftçi» güclülər dəstəsinə vəsiqə qazanandan sonra 3 il kapitanlıq sarğısını daşıyan Rəhmanov 1980-ci ilin əvvəllərində futbolçu karyerasını başa vurur.

                                                            

Sonradan özünü məşqçilikdə sınayan Rəhmanovun ilk klubu Naxçıvan «Araz»ı olur. O, Qazaxın «Göyəzən» klubunu SSRİ kubokunun 1/4 finalına yüksəldir. Rəhmanov SSRİ dönəmində Yevlaxın «Avtomobilçi» və Bakının «Torpedo» klublarını da çalışdırır. Uzun illərdən sonra doğma «Neftçi»yə qayıdan mütəxəssis bir müddət Əhməd Ələsgərovun köməkçisi kimi də fəaliyyət göstərir. O, müstəqillik illərində yenidən Naxçıvana qayıdaraq ağır vəziyyətdə olan «Araz»a rəhbərlik edir. Rəhmanov bir müddət Olimpiya yığmasını da çalışdırır.

                                           

Mərhum futbolçunun oğlu Elçin də karyerasını məhz «Neftçi»də bitirib. Uzun illər «ağ-qara» formanı daşıyan Elçin də atası kimi meydanın mərkəzində çıxış edib.