Ələkbər Məmmədov

  • Keçirdiyi oyunlar:

    1947-1953, 1960-1961

  • Doğum tarixi:

    09.05.1930

  • Mövqeyi:

    Mərkəz hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Azərbaycan futbolunun yetirməsi olan Ələkbər Məmmədovun hücumçu istedadı respublikamızın hüdudlarını aşaraq, əvvəlcə ittifaqa, sonra isə bütün dünyaya yayılıb. 1930-cu il mayın 9-da Bakıda anadan olan Ələkbər ağır və mərhumiyyətli həyat yolu keçib. Erkən yaşından atasını, daha sonra bacı və qardaşını itirən Məmmədov anasının himayəsi altında qalıb. Yaşayış səviyyəsi ağır olduğu üçün uşaq yaşlarından əməklə məşğul olaraq anasına kömək edib. Dövrünün əksər uşaqları kimi o da futbolun sirlərini küçədə öyrənib. Əsasən «Soldat bazarı» və «Salyan kazarması» meydanlarında top qovmaqla məşğul olan Ələkbəri tezliklə «Spartak» cəmiyyətinin gənclər komandasına dəvət ediblər. 1945-ci ildə bu cəmiyyətin komandasını Moskvaya, «Spartak» mərkəzi şurasının çempionatına göndərəndə Ələkbər də onların arasında idi. Moskvadakı oyunlarda da fərqlənən Məmmədov o dövrün məhşur futbolçuları Jmelkovla Akimovdan xoş sözlər eşitmişdi.

Artıq istedadı ilə seçilən Ələkbəri «Neftyanik»ə dəvət edirlər. Həmin vaxt onun cəmi 17 yaşı var idi. Çox gənc olmasına baxmayaraq, elə ilk günlərdən komandanın heyətində möhkəmlənə bilir və uzun müddət onun əsas simalarından birinə çevrilir. 1949-cu ildə «Neftyanik» güclülər dəstəsinə buraxılanda da Ələkbər komandada idi. Heyətdəki dəyişikliklərə baxmayaraq, o, komandanın əsas fiqurlarından biri idi. Ələkbər həmin mövsüm komandanın kapitanı Naum Naumtsev və İsay Abramaşviliylə birgə bütün oyunlarda meydana çıxır. Növbəti futbol mövsümünü də əla keçirməsinə baxmayaraq, «Neftyanik» güclülər dəstəsində yerini qoruya bilmir. İki mövsümdə güclülər dəstəsində cəmi 9 top vurmasına rəğmən, o, komandasına xeyli fayda verə bilirdi. Rəqib cəbhədə çaşqınlıq yarada bildiyindən, onu saxlamaq üçün bir müdafiəçi kifayət etmir, Ələkbərin komanda yoldaşları isə bundan yararlanırdılar.

1951-ci ildə «Neftyanik» B sinifinə düşür və Məmmədov komandanın əsas zərbə qüvvəsi olur. O, mövsüm ərzində keçirilən 34 görüşün hamısında meydana çıxaraq rəqib qapılarından 21 top keçirir. Vurulan qollara görə komandasının bombardiri olaraq, öz zonasında S.Arzamastsevdən («Torpedo» Stalinqrad) sonra ikinci nəticə göstərir. Vurulan 21 topdan biri isə daha əlamətdar olur. 1951-ci il sentyabrın 16-da İ.V.Stalin adına Respublika stadionunun rəsmi açılış günündə ilk topu məhz Ələkbər vurur. Lakin «Neftyanik» həmin il güclülər dəstəsinə keçə bilmədiyindən, rəhbərliyin qəzəbinə tuş gəlir və komanda, demək olar ki, buraxılır. Heyətin beş oyunçusu, o cümlədən Məmmədov komandada qalır, «Neftyanik» yenidən formalaşır. Maraqlıdır ki, o vaxt cəmi 22 yaşı olan Ələkbəri komandaya oynayan baş məşqçi təyin etmək istəyirdilər. Məşhur forvard öz xatirələrində bu haqda belə yazıb: Mən «Neftyanik»in bütün hazırlıq mərhələsini evdə keçirdim. Bunun əsas səbəbi isə çoxlu sayda təşkilatı işlərin görülməsi idi. Mənim Səməd Vurğun küçəsindəki ev 8-də yerləşən mənzilim «Neftyanik»in bir növ ştabına çevrilmişdi».

Lakin rəhbərlik çox gənc oyunçunun belə məsul işə təyinatının düzgün olmadığını gec də olsa anlayıb, komandaya yenidən Şirəli Şirəliyevi baş məşqçi təyin edir. B sinfində oynamasına baxmayaraq, Məmmədovu bir çox güclü klublar öz heyətində görmək istəyirdilər. O vaxt futbolçunun bir klubdan digərinə keçməsi həm çətin idi, həm də bu işə yaxşı baxmırdılar. Lakin 1953-cü ildə mövsümün bitməməsinə baxmayaraq, rəhbərliyin razılığı ilə o, Moskvaya yollanır. Ələkbəri əvvəlcə «Spartak» öz heyətinə cəlb edir. Lakin bir qədər sonra «Dinamo» rəhbərliyi cəld və hiyləgər tərpənərək onu komandaya götürürlər. Məmmədov «Dinamo»dakı çıxışları ilə dünya futbolunda səs sala bilir. O, 4 sentyabr 1955-ci ildə yoldaşlıq oyununda italiyanın «Milan» komandasının qapısına 4 qol vuraraq bunu edən ilk və hələ ki yeganə azərbaycanlı kimi tarixə düşür.

Moskva keçidinin uğurlu alınmasına baxmayaraq, o, 1956-cı ilin sonunda aldığı mənəvi zərbədən sonra yenidən Bakıya qayıtmalı olur. Bunun səbəbkarı SSRİ yığmasının baş məşqçisi Qavriil Kaçalin idi. Kaçalin son anda Melburna gedən heyətin tərkibindən Məmmədovun adını silməklə onu olimpiya qızılından məhrum etmişdi. «Dinamo»nun yüksək çinli rəhbərliyinin işə qarışması onun həmin il Bakıya qayıtmasına mane olur. Lakin reforma nəticəsində «Neftyanik»in yüksək dəstəyə qayıtmasından sonra o yenidən doğma şəhərinə dönür. Özü də tək yox, komandaya kömək etmək üçün məsləkdaşları olan Yuri Kuznetsov və Adamas Qolodetslə birgə. 1960-cı il Məmmədov üçün daha bir hadisə ilə əlamətdar olur. Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış etdiyinə, Sovet futbolunun inkişafında köməyi olduğuna görə ona SSRİ-nin Əməkdar İdman Ustası fəxri adı verilir. Ancaq Bakıya dönüşü onun futbol olimpinin qürub çağına təsadüf edir. Artıq əvvəlki formasını bərpa etməsinə çoxsaylı zədələr və mədə xarası xəstəliyi imkan vermirdi. Bütün bu halları nəzərə alan hücumçu 1961-ci ildə futbolçu karyerasına son qoymaq qərarına gəlir. Həmin il iyulun 25-də Bakıda Donetsk «Şaxtyor»u ilə görüşün ikinci hissəsində meydana çıxaraq sonuncu oyununu keçirir.

Qısa müəllimlik fəaliyətindən sonra, 1963-cü ildə doğma klubuna baş məşqçi kimi qayıdır. İlk ilindəcə «Neftyanik»i güclülər dəstəsində 8-ci yerə çıxarır. Bu göstərici Bakı klubunun güclülər dəstəsindəki ən yaxşı nəticəsi idi. Bundan sonra rəhbərlik ondan daha yaxşı nəticələr tələb etməyə başlayır. Buna görə də Məmmədovla rəhbərlik arasında münasibətlər pisləşir. Həmişə sözü üzə deməyi bacaran, yaltaqlığı qətiyyən sevməyən Məmmədovun xasiyyəti onların xoşuna gəlmir. 1965-ci ilin əvvəlində onu komandadan xaric etmək istəyirlər. Lakin oyunçularin işə qarışaraq qiyam qaldırması bunun qarşısını alır. Bununla belə, mövsümün ortalarında rəhbərlik istəyinə çatır. Komanda avqustun 19-da Moskva «Spartak»ı ilə oynamaq üçün səfərə hazırlaşanda Məmmədovdan bəzi təşkilati işləri görmək üçün Bakıda qalmağı xahiş edirlər. Moskvaya çatan komandaya baş məşqçi kimi Vasili Sokolovu təqdim edirlər, Bakıda isə Məmmədovu işdən çıxarırlar.

Ələkbər Məmmədovun baş məşqçi kimi «Neftçi»yə ikinci gəlişi 1971-ci ilə təsadüf edir. Artıq «Neftçi» şöhrətini itirməyə, komandadaxili intizam pisləşməyə doğru gedirdi. Buna baxmayaraq, baş məşqçi komandanı toparlayıb mövsümü 9-cu yerdə bitirə bilir. Növbəti mövsümün çətinliklərinə baxmayaraq, Məmmədov komandanı səylə hazırlaşdırırdı. Əsas aparıcı oyunçuların yaşı kritik həddə çatmışdı. Onların bir çoxu artıq futbolla vidalaşmağa hazırlaşırdı. Onları əvəz edə biləcək gənc nəsil, demək olar ki, yox dərəcəsində idi. Bütün bunları görən məşqçinin tənqidlərini isə rəhbərlik qəbul etmək istəmirdi. Buna görə də Ələkbər 1972-ci ilin may ayında istefa verir. Bu onun doğma komandadan birdəfəlik gedişi idi. Bundan sonra Məmmədov müəllimlik və məşqçilik fəaliyyəti ilə məşğul olur. Bu sahədəki uğurlarına görə ona 1989-cu ildə Azərbaycan SSRİ-nin əməkdar məşqçisi adı verilir. Bir il sonra isə SSRİ-nin əməkdar məşqçisi adına layiq görülür.

O, Azərbaycanda yeganə insandır ki, həm əməkdar idman ustası, həm də əməkdar məşqçi adını daşıyıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra da o, futboldan ayrı düşməyib və 1993-cü ildə Azərbaycanın milli komandasının baş məşqçisi olub. 1995-ci ildə isə müstəqil dövlətimizin «Şöhrət ordeni» ilə tərtif olunub. Ələkbər Məmmədov müstəqillik tariximizdə bu ordenlə təltif olunmuş ilk futbol adamıdır. O, 2008-сi ildə AFFA İcraiyyə Komitəsinin üzvü seçilib.

Ələkbər Məmmədov 28 iyul 2014-cü ildə 84 yaşında dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn edilib.