Tofiq Bəhramov

  • Keçirdiyi oyunlar:

    1946-1948

  • Doğum tarixi:

    29.01.1925

  • Mövqeyi:

    Mərkəz yarımmüdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

Tofiq Bəhramov komandamızın formasını qısa müddətdə geyinsə də, bütün dünyada tanınır. O, futbolçudan çox hakim kimi məşhurlaşıb.

1925-ci il yanvarın 29-da dünyaya göz açan Bəhramov müharibənin qızğın çağında – 1943-cü ilin sentyabrında idmana gəlib. Həmin vaxt futbol çox az adamın yadına düşürdü. Hər kəs cəbhədən gələn xəbərləri gözləyirdi. Bununla belə, Tofiq də bir çox yaşıdları kimi topdan ayrıla bilmirdi. O, 6 ay «Spartak» cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində «Burevestnik»lə oyunda debüt edir. Bir il sonra SSRİ çempionatının B qrupunda yarışan Bakı «Dinamo»suna yollanır. Təbii ki, o da futbolla məşğul olan bütün gənclər kimi, «Neftçi»mizin formasını geyinməyi arzulayırdı. Nəhayət, bu istəyinə çatır. Lakin Tofiq flaqmanın heyətində çox az – 1946-1948-ci illərdə çıxış edir. Bilgəhdə keçirilən məşqlərin birində komanda yoldaşı Valentin Xlıstovla mübarizədə zədələnən futbolçu 25 yaşında karyerasını başa vurmalı olur.

                                               

O vaxt Xlıstovu komanda yoldaşına zədə yetirdiyinə görə qınayırdılar. Amma heç kimin ağlına gəlməzdi ki, futbolçu karyerası alınmayan Tofiq Bəhramov sonradan dünyaca məşhur hakim olacaq. Maraqlıdır ki, o, hakimliyə də təsadüf nəticəsində gəlir. 1951-ci ildə Bakı kuboku uğrunda keçirilən «Dinamo» - «İnşaatçı» matçına hakim gəlib çıxmır. Nəticədə, oyunu idarə etmək 26 yaşlı gəncə təklif olunur.

İndi çox az adam inanar ki, Bəhramovun ilk qarşılaşması qalmaqalla nəticələnib. O, ilk sınaqdan üzüağ çıxmasa da, 6 aydan sonra Respublika birinciliyində baş hakim kimi debüt edir. 1952-ci ildə Respublika dərəcəli hakim adını alan həmyerlimiz 2 il sonra SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti qoruyur. Get-gedə ümidləri doğruldan referi həmin il «Neftçi» və Efiopiya yığmaları arasında beynəlxalq yoldaşlıq oyununu da idarə edir. Artıq ümumittifaq səviyyəsində tanınmağa başlayan Bəhramov «Paxtakor»la Uruqvayın məşhur «Nasional» klubu arasında yoxlama görüşünə də təyinat alır.

O, SSRİ çempionatının güclülər dəstəsində 34 yaşında debüt edir. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilir. Əbəs yerə deyil ki, həmin dövrdə Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxır. Həmyerlimiz 1963-cü ildən etibarən 13 il ardıcıl keçmiş ittifaqın 10 ən yaxşı hakimi sırasına düşür. Bu göstəriciyə görə, o, ümumilikdə yalnız moskvalı Kazakovdan (15 il) geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayır.

Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alır. O, 1966-cı ildə İngiltərədə keçirilən 8-ci mundialda finala qədər bir oyunda (İsveçrə - İspaniya) baş hakim, 2 görüşdə (Argentina – İsveçrə və İngiltərə - Uruqvay) isə laysman kimi meydana çıxır.

Tofiq Bəhramov 1966-cı il iyulun 30-da adını əbədi olaraq dünya futbolu tarixinə yazdırır. «Uembli» stadionunda 83 min tamaşaçının izlədiyi İngiltərə – Almaniya final matçında yan xətt hakimi funksiyasını yerinə yetirir. Buna baxmayaraq, final fitindən sonra bütün dünya baş hakimin adını belə çəkmirdi, hamı Tofiq Bəhramovdan danışırdı. Oyunun əsas vaxtının 2:2 hesabı ilə başa çatdığını nəzərə alsaq, əsəblərin necə tarıma çəkildiyini təsəvvür etmək çətin deyil. 100-cü dəqiqədə İngiltərə millisinin oyunçusu Herstin vurduğu top tirə dəyəndən sonra qapı xətti üzərində yerə düşüb geri qayıdır. «Uembli» sükuta qərq olur. Hər kəs hakimin hansı qərar verəcəyini gözləyirdi. Matçın isveçrəli baş hakimi Dinst sözün həqiqi mənasında başını itirmişdi. O, nə qərar verəcəyini bilmirdi. Dinst qapıya daha yaxın mövqe seçən həmyerlimizə yaxınlaşaraq, kömək istəiyir. Bəhramov isə tərəddüd etmədən mərkəzi göstərərək, 18 saniyəlik sükuta son qoyur. Həmin qarşılaşmada İngiltərə Almaniyanı 4:2 hesabı ilə məğlub edərək ilk və hələ ki sonuncu dəfə dünya çempionu adını qazanır. Bəhramov ingilislərin gözündə qəhrəman səviyyəsinə yüksəlsə də, eyni zamanda, almanların düşməninə çevrilir. Final fitindən sonra bundestim üzvləri bakılı laysmanı parçalamağa hazır idilər. Hətta alman futbolçu Uve Zeyeler Tofiq Bəhramovu təhqir də edir. Ancaq sonralar səhvini anlayan Zeyeler hakimimizdən üzr istəyir. Dinst isə Bəhramova «sən mənim ad-sanımı xilas etdin» deyərək ona minnətdarlığını bildirir.

Bəhramov Nikolay Latışevdən sonra dünya çempionatlarının finalında iştirak etmiş ikinci və sonuncu hakim kimi adını Sovet futbolunun tarixinə yazdırır. İngiltərədəki mundialdan sonra FİFA həmyerlimizi «Qızıl fit»lə mükafatlandırır. Britaniya kraliçası II Yelizaveta isə ona «Qızıl ilahə»nin surətini bağışlayır.

Dörd il sonra Meksikada keçirilən dünya çempionatında Bəhramov 3 oyunda hakimlik edir. Bundan başqa, o, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası kubokda – «Estudiantes» - «Mançester Yunayted» oyununda laysman, «İndependyente» - «Ayns» matçında baş hakim kimi ədaləti təmin edir. 1972-ci ildə «Vulverhempton» və «Tottenhem» komandaları arasında keçirilən UEFA Kubokunun final matçı da ona tapşırılır.

Dünyaca məşhur hakimimiz 1975-ci ildə fitlə vidalaşır. Yenidən doğma «Neftçi»yə qayıdan Bəhramov 3 il komandamızda ikinci məşqçi kimi fəaliyyət göstərir. Bütün dövrlər üçün ən yaxşı hakimimiz olan Bəhramov «Neftçi»nin rəisi vəzifəsində də çalışır. O, elmi fəaliyyətlə də məşğul olur. 20 ilə yaxın müddətdə Bədən Tərbiyəsi İnstitutunda və indi Slavyan Universiteti adlanan təhsil ocağında kafedra müdiri işləyir. AFFA yarananda Bəhramov federasiyanın baş katibi də olur.

Tofiq Bəhramov özündən sonrakı nəsillərə bir çox mənəvi sərvətlər qoyub gedib. Onun «Kənddə futbol», «Futbola sevgi», «Hakim mərkəzi göstərir», «1001 matç» kitabları indi də futbolsevərlər tərəfindən böyük maraqla oxunur.

1993-cü ildə üçüncü dəfə infarkt keçirən Bəhramov həyatla vidalaşır. 3 il sonra Respublika stadionuna onun adı verilir. 2004-cü ildə isə arenanın önündə Tofiq Bəhramovun heykəli ucaldılır.