Klub
18 iyul 202620:25

“Neftçi” PFK ilə “Aerowingo” arasında imzalanma mərasimi keçirilib

“Neftçi” PFK ilə “Aerowingo” arasında imzalanma mərasimi keçirilib

“Neftçi” PFK ilə “Aerowingo” şirkəti arasında müqavilənin imzalanma mərasimi keçirilib. Tədbirdə “Neftçi” PFK-nın baş icraçı direktor Cenk Sümer, “Aerowingo”nun baş icraçı direktoru Emil Abdullazadə və regional direktoru Çingiz Piri-zadə iştirak ediblər.

Rəsmi şəxslər bu əməkdaşlıqdan məmnun qalacaqlarına əminliyini ifadə ediblər.

Cenk Sümer: “Klub olaraq daha da güclənməyimiz, inkişaf etməyimiz üçün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. Şadıq ki, onların arasına daha biri daxil oldu. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə bu əməkdaşlıq daha da inkişaf edəcək”.

Emil Abdullazadə: “Neftçi” bir brenddir, Azərbaycanın ən köklü komandasıdır. Bu nüfuzlu klubla müqavilə bağladığımız üçün çox şadıq. İnşallah, hər iki tərəf üçün xeyirli olar”.

Çingiz Piri-zadə: “Neftçi”nin böyük azarkeş kütləsi var. İnanırıq ki, “Aerowingo”nun xidmətindən faydalananlar arasında “Neftçi”sevərlərin sayı artacaq. Bununla yanaşı, klubun sosial mediadakı fəaliyyətini və marketinq işlərini yaxından izləyirik. Bu da qərar verməyimizə səbəb olan amillərdən biridir. Bu əməkdaşlıqdan çox məmnunuq”.

Qeyd edək ki, tərəflər arasında 3 illik müqavilə bağlanıb. Anlaşmaya əsasən, “Aerowingo” bu müddət ərzində klubumuzun rəsmi səyahət tərəfdaşı (Official Travel Partner) olacaq. Eyni zamanda, şirkətin loqosu komandamızın rəsmi oyun formalarının arxa hissəsinin aşağı bölməsində yer alacaq. Əməkdaşlıq çərçivəsində “Aerowingo” klubun qış təlim-məşq toplanışlarının əsas tərəfdaşı kimi çıxış edəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq layihələrinin, rəqəmsal kommunikasiya kampaniyalarının və azarkeşlər üçün nəzərdə tutulan xüsusi təşəbbüslərin birgə həyata keçirilməsini təmin edəcəklər.