Füzuli Məmmədov: “Bu qələbə bizim üçün çox vacib idi”
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 3-cü turunun “Qarabağ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Qələbəni bütün neftçilərə, “Neftçi” azarkeşlərinə həsr edən mütəxəssis bu 3 xalın vacib olduğunu bildirib:
“Bu gün Neftçilər günüdür. Bu münasibətlə bütün neftçiləri təbrik edirəm. Bu qələbəni bütün neftçilərə, “Neftçi” azarkeşlərinə həsr edirik. Gərgin oyun olacağını bilirdik. Hər iki komanda avrokubok matçından sonra yorğun idi. Futbolçuları bu oyuna hazırlamağa, demək olar, vaxtımız yox idi. Hazırlaşmaq üçün vaxt imkanlarından maksimum istifadə etdik. Komandamız bu gün meydanda əzmkarlıq göstərdi. Bu qələbə bizim üçün çox önəmli idi”.
Baş məşqçinin jurnalistlərin suallarına cavabı belə olub: “Hər iki komandanın fiziki baxımdan vəziyyəti eyni idi. Düzdür, “Qarabağ” bir gün çox istirahət etmişdi, amma onların səfərdən qayıtmasını və oynadıqları şəhərdəki havanın istiliyini qeyd edərdim. Rəqibin zəif olduğunu deməzdim. Biz də zəif deyilik. Bu gün futbolçularımız vuruşub qalib gəldilər. Tallisonun ehtiyatda qalmasına gəlincə, o, özünə diqqət edən futbolçudur, amma bu gün limitə görə ehtiyatda qalmışdı. Prins İbara çox yaxşı futbolçudur. Bundan əvvəl çıxış etdiyi ölkədə oyun təcrübəsi az idi. Üstəlik, “Qalatasaray”la oyundan sonra çox yorulmuşdu. Bununla belə, komandaya kömək etmək üçün maksimum çalışdı. Mirabdullanın həm davranışı, həm məşqləri, həm də oyuna münasibəti müsbətə doğru çox dəyişib. Belə davam etsə, əsas oyunçularımızdan biri olacaq. Anton Krivotsyuk bizim üçün vacib futbolçudur. “Sumqayıt”la oyunda problemlərimiz var idi, amma bunlar aradan qalxıb. Bizə zaman lazım idi. Artıq futbolçular tələblərimi daha yaxşı mənimsəməyə başlayıblar. Mən bütün futbolçularıma inanıram. Yetər ki, “Neftçi” azarkeşləri bizə inansınlar, dəstək olsunlar, qarşıda yenə qələbələrimiz olacaq”.