Böyükağa Hacıyev

  • Dönəm:

    Baş məşqçi, 2011-2013, 2014

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    20.04.1958

1958-ci il aprelin 20-də dünyaya gələn Böyükağa Hacıyev 2011-2013 və 2014-cü illərdə “Neftçi”nin baş məşqçisi olub.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayıb. 1999-cu ildə Naxçıvanın “Araz Naxçıvan” klubuna rəhbərlik edib. Lakin maliyyə çətinliyinə görə klub fəaliyyətini dayandırıb. Hacıyev məşqçilik karyerasını İranda davam etdirib. Bir müddət Təbrizin “Maşinsazi” klubunda köməkçi məşqçi, daha sonra isə baş məşqçi kimi çalışıb. 2004-cü ildə “Traktorsazi” klubuna keçib. Bir mövsüm də burada çalışdıqdan sonra ölkəyə qayıdıb və milli komandada baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirib.
2006-cı ildə çempionatın bitməsinə 8 tur qalmış “Bakı” futbol klubunun baş məşqçisi vəzifəsinə dəvət edilən Böyükağa müəllim, çalışdırıcı kimi ilk dəfə Azərbaycan çempionu titulunu qazanıb. 

2009-2010-cu il mövsümündə Sumqayıtın “Standart” klubunda fəaliyyətini davat etdirib. 

2011-ci ildə Böyükağa Hacıyevin “Neftçi” karyerası başlayıb. Onun rəhbərliyi altında iki il ard-arda çempionluq yaşayan flaqman, 2012-2013-cü il mövsümündə Azərbaycan futbol tarixində bir ilkə imza ataraq Avropa Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb. Lakin növbəti il Çempionlar Liqasının ilk mərhələsi çərçivəsində keçirilən görüşdə turu keçə bilmədiyinə görə vəzifəsindən istefa verib. Bir müddət işsiz qaldıqdan sonra 2014-cü ildə yenidən “Neftçi”yə baş məşqçi təyin edilib. Komandamız onun rəhbərliyi altında iki dəfə (2013, 2014) Azərbaycan Kubokunun qalibi olub.

2012-ci ildə ölkə prezidenti İlham Əliyevin qərarı ilə “Şöhrət” ordeninə layiq görülən Böyükağa Hacıyev 2018-ci il martın 16-da vəfat edib.