Etibar Tarıverdiyev

  • Vəzifəsi:

    Qapıçılar üzrə məşqçi

  • Doğum tarixi:

    06.10.1973

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2018

1973-cü il oktyabrın 6-da  anadan olub. Erkən yaşlarında futbola maraq göstərib və 12 yaşında Respublika olimpiya uşaq futbol məktəbinə gedib.

1992-ci ildə Tovuzun “Turan” klubunun şərəfini qoruyub. 1993-cü ildə mövsümün debütantı, Maştağanı təmsil edən “Nicat”a keçib. Bir il sonra klub “Bakı fəhləsi” adı ilə çempionatda mübarizəni davam etdirib. Mövsümü 8-ci pillədə tamamlayan qəsəbə təmsilçisi ilə yollarını ayırıb və iki mövsümdən sonra OİK-də forma geyinməyə başlayıb. 1996-cı ildə paytaxtın “Fərid” klubuna keçib. Daha sonra “Neftçi” onu heyətinə qatıb. 1998-ci ildə “Bakılı” klubunun şərəfini qorumağa başlayıb. 1999-cu ildə “Dinamo Bakı”ya transfer olub. Həmin mövsümün sonunda çempion olan “Şəmkir” onu komandaya dəvət edib. Əyalət təmsilçisinin heyətində 2000-2001-ci il mövsümündə peşəkar futbolçu karyerasında ilk çempionluğunu yaşayıb. 2003-cü ildə Ağdamın “Qarabağ” klubuna transfer olub. 2 mövsüm burada forma geyindikdən sonra növbəti dəfə karyerasını “Neftçi”də davam etdirib. Lakin bu dəfə də paytaxt təmsilçisində bir mövsüm forma geyindikdən sonra “MKT Araz”a keçib və 2006-2007-ci illərdə İmişli təmsilçinin uğurları üçün mübarizə aparıb. Amma dizindən aldığı ciddi zədə onu futbolçu karyerasını bitirməyə məcbur edib.

Futbolçu həyatını bitirdikdən sonra məşqçi kimi fəaliyyətini davam etdirib. Əvvəlcə U-17 milli komandada çalışmağa başlayıb. Daha sonra I dəstə təmsilçisi “Abşeron”da işini davam etdirib. 2010-cu ildə “Sumqayıt” klubuna dəvət edilib və 7 il əsas komandada qapıçı məşqçisi işləyib. Bu müddətdə paralel olaraq 2012-ci ilə qədər U-21, 2012-2013-cü illərdə əsas, 2014-2015-ci illərdə isə U-15 milli komandalarında qapıçılarla işləyən məşqçi kimi fəaliyyətini davam etdirib.

2018-ci ildə “Neftçi” PFK-ya dəvət edilib və hazırda əsas komandada qapıçılarla işləyən məşqçidir. UEFA-nın “A” kateqoriyalı məşqçilik kurslarını bitirib, müxtəlif beynəlxalq seminarlarda iştirak edib.