Füzuli Məmmədov: "Heyf ki, azarkeşləri qələbə ilə sevindirə bilmədik"
"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 16-cı turunun "Qarabağ” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Heç-heçəyə görə təəssüfləndiyini bildirən mütəxəssis sabah ad gününü qeyd edəcək "Forza Neftçi” fan-qrupunu təbrik edib:
"Bilirdik ki, güclü komandaya qarşı oynayacağıq. Ciddi hazırlaşmışdıq. Futbolçular da tapşırıqları maksimum yerinə yetirməyə çalışırdılar. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən hər zaman qələbə gözləyirlər. Onları sevindirmək istəyirdik. Çünki azarkeşlərimiz yalnız qələbəyə layiqdirlər. Təəssüf ki, alınmadı. Sabah "Forza Neftçi” fan-qrupunun ad günüdür. Bu münasibətlə onları təbrik edirəm. Heyf ki, onları qələbə ilə sevindirə bilmədik. Qarşıdakı oyunlara daha da ciddi hazırlaşıb, azarkeşlərimizi sevindirəcəyik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "İki təcrübəli və güclü qapıçımız var, hər birinə güvənməliyik. Aqil Türkiyədəki toplanış zamanı da özünü yaxşı tərəfdən göstərmişdi. Sadəcə, seçimimiz bu gün belə idi. İlk hissədə Monrozu iki dəfə məşq etməyə göndərməyimin səbəbi Darionu əvəz etmək istəyimdən irəli gəlirdi. Çünki Frederiko əvvəlcə taktiki gedişi başa düşməmişdi, amma sonra bizi anladı və fikrimizi dəyişdik. Dario Bakıda hazırlıq keçmişdi, üstəlik, mövsümün ilk hissəsindəki bütün oyunlarda meydana çıxdığı üçün praktikası yerində idi deyə, bu gün ona şans verdik. Qol vurmaq istəyirdik. Məsələn, Namikin epizodunda bir az dəqiqlik çatmadı. Həm də rəqibin müdafiəçiləri çox yaxşı oynadılar. Futbolçularla aramızda uyğunlaşma çox önəmlidir. Onlar verilən tapşırıqları zamanla daha yaxşı başa düşürlər. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb, qələbə qazanacağıq”.