Nazim Süleymanov

  • Keçirdiyi oyunlar:

    1983-1990

  • Doğum tarixi:

    17.02.1965

  • Mövqeyi:

    Mərkəz hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 17 yaşında “Sintetik Kauçuk Zavodu”nun komandasında debüt edən Süleymanov bundan sonra SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında mübarizə aparan “Avtomobilçi” (Mingəçevir) klubunun heyətinə cəlb olunub. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası olan “Neftçi”yə dəvət alıb. 1983-1990-cı illərdə ağ-qara formanı geyinən futbolçu 190 oyunda 32 qola imza atıb.

Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1991-ci ildə Moskva “Spartak”ından Vladiqafqaz “Alaniya”sına keçən futbolçu bu komandanın heyətində 1995-cı ildə Rusiya çempionatının qızıl, 1992 və 1996-cı illərdə isə gümüş medalını qazanıb. “Alaniya”da 142 oyuna 60 qol vuran Süleymanov çempionatın ən sərrast futbolçusu kimi də tarixə düşüb. 1997-ci ildə keçdiyi Soçi “Jemçujina”nın heyətində 67 oyuna 13 qol vuran hücumçu 2000-ci ildə karyerasını bitirib. O, 1992-1999-cu illər ərzində şərəfini qoruduğu milli komandada 24 oyuna 5 qol vurub.

2002-ci ildə məqşçilik fəaliyyətinə start verən Süleymanov Rusiya çempionatında mübarizə aparan “Jemçujina” (Soçi) klubunun əvəzedici heyətinin məşqçisi təyin olunub. Onun komandası Cənub zonasında 9-cu yeri tutub. 2004-cü ildə vətənə dönən mütəxəssis yenicə yaranmış “Xəzər Lənkəran”ın baş məşqçisi təyin olunub. Bir mövsüm bu komandanı çalışdıran Nazim Süleymanov  müvəqqəti olaraq Azərbaycan milli komandasının sükanı arxasına keçib. Onun daha sonra çalışdığı məkan "Bakı" olub. Paytaxt təmsilçisinin əvəzedici komandasını çalışdıran mütəxəssis 2009-2011-ci illərdə AZAL-a başçılıq edib. Komanda onun rəhbərliyi altında məhdud büdcə ilə Avropa Liqasına vəsiqə qazanıb. 2012-2013-cü illərdə Azərbaycan milli komandasının məşqçisi kimi çalışan Nazim Süleymanov 2013-cü ildə “Neftçi”nin baş məşqçisi olub.