Fərhad Bədəlbəyli

  • Çalışmağa başladığı il:

    16.10.2015


  • Doğum tarixi:

    27.12.1947

Fərhad Şəmsi oğlu Bədəlbəyli 1947-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub.

1965-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Fərhad Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Viana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlarından sonra məşhurlaşıb.

Bu gün fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexiya, İsveçrə, Yaponiyanı və s. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F.Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. F.Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə mərkəzin rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılıb.

1995-ci ildən "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən onun təşəbbüsü ilə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.

16 oktyabr 2015-ci ildən "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.